“Yarımçıq qalmış oyun”

Şöhtər Eyvazov. PYES-ssenarisi. Dördüncü yazı

 

 

VII səhnə

Aşot başçılıq etdiyi erməni dəstəsilə ilə Turanı və bacı-qardaş olan 2 yeniyetməni gətirir.

Aşot: (sevincək) alın 3 turk da məndən…

Turan anasını görcək özünü onun üstünə atmaq istəyir. Samvel Turanı əks tərəfə itəliyir. Uşağın başı yıxılarkən kötüyə dəyir və huşunu itirir.

Sevda: Öldürdünüz balamı, Allah ocağınızı söndürsün!

Sevda Samvelin üzərinə atılır. Samvel əlindəki tapança ilə qadının başından vurur. Sevda yumruğları bükülü “Turan” deyərək  yıxılır.

Aşot: (Şahnəzəryana) Komandir, meşə doludur turknan, adam ver, gətirək biraz kef eliyək. Birdə bu fürsət ələ düşməz!

Şahnazaryan: Düz deyirsən, bu oyunu həmişə oynaya bilərik.

(əli ilə öz mövqeyində olan fiqurların yerindəki erməniləri göstərir) Gör neçə əsgərimiz burda bekar qalıb. Burda bir Samvel mənə bəsdir. Gedin, hərəniz 10 turk gətirin.

Ermənilər Aşotla gələn hərbçilərə qoşulub gedirlər. Məkanda ermənilərdən yalnız Şahnəzəryan və Samvel qalır.

Samvel: Tamaşaçılr azaldı,  oyun davam edəcək, yoxsa?

Şahnazaryan: Bəs necə? Davam edəcək, (təzəcə əsir alınmış yeniyetmə qıza yaxınlaşır) amma gedişi yalnız mən edəcəm! Bu mənim bu gün udduğum ən gözəl “fiqur” olacaq!

Vaqif: Alçaq!

Şahnazaryan: (Vaqifin aciz vəziyyətdə qalmağından  zövq alır) Ha-ha! Udmaq növbəsi mənimdi! Bir il keçər, bu qözəl qız bir oğlan doğar. Onu anasından ayrı yetişdirib, sizə qarşı böyüdərik! Bizə həmişə terrorçu lazım olacaq.

Samvel: (gözü Əminədə qalıb) Amma yeməli “fiqur”du ha, iştahın pis deyil!

Şahnazaryan: Sənə də çatar, bir az gözlə.

Şahnazaryan avtomatı kənara atır, qızın qolundan tutub bir qədər aralı çəkir, qucaqlayıb yerə yıxır, yaxasını cırır.

Qız: (tükürpədici səslə qışqırır)  Kömək eliyin! Ay anaaa!

Vaqif  Şahnazaryanın üzərinə yeriyəndə Samvel tapança ilə qəsdən Vaqifin ayağına atəş açır. Vaqif yıxılır.  Turan atəş səsinə ayılır, gözü kənara düşmüş avtomata sataşır. Öz-özünə : “Axı, atam öyrəttdi, mən avtomat ata bilərəm”- deyir. Cəld silahı götürüb, Samvelə atəş açır. Samvel yıxılır. Şahnəzəryan atəşin Samvel tərəfindən açıldığını düşünərək narahat olmur. Turan tərəddüd etmədən avtomatın lüləsini Şahnəzəryana və əsir qıza çevirərək bütün darağı boşaldır.

Turan:  Al! Al! Al! (Vaqifin yanında yerə çökür) Vaqif əmi, mən onları öldürdüm!

Vaqif: (Şokda olan və barmağı tətikdən çəkə bilməyən Turanı qucaqlayır) Əhsən sənə oğul! Atan kimi igidsən.

Şahnazaryan əlini sinəsindən axan qana sürtərək, geri dönür. Ona atəş açanın balaca Turan olduğunu gördükdə heyrət qarışıq nifrətlə qışqırır.

Şahnazaryan: Nə??????

Vaqif : (gülərək) bax belə! Bu oyunu da uduzdun! Hamınız belə uduzaqsınız!

Şahnəzəryan yerə sərilir.

VIII səhnə

Ekranda yazılır: 26 mart 2001-ci il

Xocalı hərbi komissarının iş otağı. Qapının üzərində “polkovnik V.Şahbazov” sözü yazılan lövhə var. Komissar yorğun  baxışlarla  şəxsi işlərə baxır. Qapı döyülür.

Köməkçi: İcazə olar, yoldaş polkovnik?

Komisar: Gəl.

Köməkçi: Yoldaş polkovnik, bir nəfər gəlib hərbi məktəbə getməklə maraqlanır, həmdə sizinlə görüşmək istəyir. Amma ailə vəziyyətinə görə möhlət hüququ var.

Komissar:  Çağırın gəlsin, şəxsi işini də gətir.

Köməkçi çıxır. Az keçmiş içəri 18 yaşında hündür boylu, qarasaçlı bir gənc daxil olur.

Komissar:  (sanki onu hardasa görübmüş kimi zəndlə baxır) Gəl otur. (köməkçinin indicə gətirdiyi şəxsi işi alır, ilk vərəqinə baxan kimi ayağa qalxır və axsaya-axsaya ona yaxınlaşır) Əliyev Turan Telman oğlu! Məni tanımadın?! Vaqif əminəm də. Atanın dostu, döyüş yoldaşı. Şahnəzəryanı sən gəbərttin, bizi Xocalıda  sən xilas elədin!

Polkovnik masaya yaxınlaşır və telefonun dəstəyin qaldırır.

Komissar:  İkinci şöbədir? Əliyev Turan Telman oğlunun hərbi məktəbə göndərişini yazın. (qürurla) Get oğul! (Yumruğunu sıxır) Şahnəzəryanların bizimlə  oynamaq istədikləri oyunlar hələ qutarmayıb!

Ekranda yazılır: 27 sentyabr 2020-ci ildə  Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan Ordusunun hücumunun qarşısını alarkən başlayan 44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Şuşanın azad edilməsi  döyüşlərində fərqlənənlərin arasında zabit  Əliyev Turan Telman oğlu da vardı. O, yaralansa da tərxis olunmadqdan imtina etdi və  bu gün də hərbi xidmətini davam etdirir.

 

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.