“Yarımçıq qalmış oyun”

Şöhtər Eyvazov. PYES-ssenarisi. İkinci yazı

 

 

II səhnə

Ekranda yazılır: 23 fevral 1992-ci il

Xocalıda kapitan Əliyevin evi. Neft lampası otağı güclə işıqalndırır. Sevda öz-özünə danışır.

Sevda: Görəsən bu harda qaldı? Gecə yarı olub, hələ gəlməyib.  Axı, bu gün gəlməliydi.

Turan: (otağa gəlir) Ana, atam niyə gəlmədi? Onsuzda o həmişə belə eləyir.

Sevda: Sən hələ yatmamısan? Get yat, gələndə oyadaram.

Turan: (yaşına yaraşmayan ötkəmliklə) Yox, yuxum gəlmir. Atamnan işim var. Həmişə deyir sənə avtomat atmağı öyrədəcəm, öyrətmir.

Sevda: (oğlunun başını sığallayır) Turan, sən axı hələ balacasan. Avtomat sənin üçün tezdi, oğlum.

Turan: Eeeey, ay ana, odey Əli dayının oğlu Səməd…

Sevda: Nə Səməd, döyüşür, yoxsa avtomat atır? Sənin indi dərs oxuyan vaxtındır.

Turan: Məktəbimizi “qrad” snaryadı dağıdıb da…

Qapı açılır, kapitan Əliyev çinində avtomat içəri daxil olur.

Turan: (atasına tərəf qaçır)Atam gəldi!

Telman:  Ay mənim qoçaq oğlum, kişi balam. (Turanı öpür)

Sevda: Ay allah, gəldin, şükür Allaha!

Telman: Vəziyyət …(Turanın ona diqqətlə baxdığını görüb, sözünü yarımçıq saxlayır) Get oğlum, get yat, artıq gecdir.. (Turan o biri otağa keçdikdən sonra yavaş səslə davam edir) Vəziyyət yaxşı deyil.  Ermənilər yaman qudurub. Bu tək onların işi deyil. Bu dığalar Xankəndindəki 366-cı alaya güvənirlər. Ey, nə fərqi, ya burdakı erməniyə satılan rus, yada erməni.

Sevda: Telman, sən allah ürəyimi qoparma, onsuz da ürəyimiz üzülüb…

Telman: Yox, daha qorxmaqdan keçib. Vəziyyət gərgindir, Bakıdan da bir xəbər yoxdu. Bir aydı vertolyot da gəlmir. Kömək gələsydi, hələ də gəlib çıxmayıb. Hava əlaqəsi də kəsilib…

Sevda: (lap astadan təlaşla deyir) Telman,  bəlkə Turanı Ağdama göndərək?

Telman: Nə danışırsan? Camaat nə deyər? Mən ki döyüşçüyəm! Mən oğlumu burdan çıxartsam, camaatın olan-qalan inamı da itər.

Sevda: Axı, Bakıdan nə deyirlər?

Telman: Heç özləri bilirlər ki, nə deyirlər? Yaman yerdə axşamlamışıq… Bizim işimiz Allaha qalıb.

Turan: (otağa qayıdır) Ana, yuxum gəlmir, çay istəyirəm. Həm də o otaq soyuqdur

Telman:  (gülərək Turanı özünə tərəf çəkir) Sənin susamağını bilirəm. Yaxşı, gəl otur yanımda.

Turan: Ata, mənə müharibədən danış.

Telman: Nə danışmaq, oğlum, müharibə çox pis şeydir, amma başqa yolumuz yoxdur.

Turan: Bəs mənə avtomat atmağı nə vaxt öyrədəcəksən. (dodağını büzərək ərköyünlüklə gileylənir) Axı söz vermişdin …

Telman: Oğlum, bu dəmir parçası çox təhlükəlidir.

Turan: Ata, təhlükəldirsə sən onu niyə gəzdidirsən?

Telman: (qımışaraq) Deyəsən, sənə avtomat atmağı öyrədəcəm.

Sevda: Telman, sən Allah qoy dursun, uşağın əlindən xata-zad çıxar.

Telman avtomatı götürür, güllə darağını çıxarıb boşaldır, silahı yoxlaya-yoxlaya Turana başa salır.

Telman: Hə oğlum, bax, bunu belə edirlər. Bunu belə çəkirlər, hazır olur.Sonra qoruyucunu açıb, tətiyi çəkirlər.

Turan:  (sevincək) Hə! Ata, artıq bildim… Qoy məndə edim.

Turan boş daraqla avtomat atmağı yoxlayır.

Telman:  Ay mənim qoçaq oğlum! Mən deyirəm kişisən,  anan deyir uşaqdı – əlindən xəta çıxar. Hə, indi siz gedin yatın, mən də Hüseyn dayıgilə dəyib gəlirəm. Asifin salamın çatdırım.

Telman çıxanda Hüseyn dayıyla rastlaşır.

Hüseyn dayı: Axşamız xeyir! Gördüm sizdən səs gəlir, bildim ki, gəlmisən…

Telman:  Hə, Hüseyn dayı, biraz olar gəlmişəm. Xanım xala necədi? Sizə gələcəydim – Asif salam göndərmişdi

Hüseyn dayı: (qəhərlənir) Salam göndərən də sağ olsun, gətirən də… Özü necədir? Orda vəziyət nətəhərdi?

Telman: Yaxşıdı, Hüseyn dayı. Asif də sizdən nigaranıydı. Dedi, mən yaxşıyam, narahat olmasınlar. Gələn dəfə o gələcək.

Hüseyn dayı: Narahat deyəndə, ay bala, mən elə anadan narahat doğulmuşam.

Telman: Elə niyə deyirsən, ay Hüseyn dayı?

Hüseyn dayı: Oğlum, axı sən bilirsən biz Dərələyəzdən gəlmişik, Sallı kəndindən. Gözümü açandan, ağlım kəsəndən nənəm mənə bu dığaların qansızlıqlarından danışıb. Anamın üzünü də görməmişəm. Babam onu erməniyə əsir düşməsin deyə, tüfənglə özü atıb.  Aşıq Cəlil eşitmisənmi, tayqulaq Andronuk onun belinə qaynar samovar bağlayıb və sazı verib ki, indi çal. O da biz tərəflərdə olub. “Cəlili” mahnısıda o vaxtdan qalıb.

Telman: İndikilər, guya ondan insaflıdırlar ki? Eyni toxumdurlar. Bir yandan da Qarabağda olan rus zabitlərinin çoxun ələ alıblar. 85-ci ildə 366-cı alayın  Xankəndinə gəlməsi də elə-belə olmayıb. Sovet quruluşu 2 aydı dağılıb, amma ordusu burdadı-guya MDB-nindi, amma ermənilər tərəfdədi. O günləri bir özbək, bir türkmən əsgər qaçmışdı ordan.

Hüseyn dayı: Nə deyirlər?

Telman: Deyirlər ki,  yüzdən çox zabit var, onların yarısı ermənidi. Birini  nağdı tanıyırıq- Seyran Ohanyan- ikinci batolyonun komandiridi.  Havadarı olmasa, ermənini yerində oturtmağa nə var ki?

Ekranda  yazılır:  “Xocalı üzrinə hücuma mayor Seyran Ohanyan, (sonralar o, Ermənistanın Müdafiə naziri oldu), Yevgeni Naboxin, Valeri Çitçiyan və erməni əsilli 50-dən artıq  zabit və praporşik rəhbərlik etmişdir”. “Xocalı faciəsi” kitabından

Ardı var

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.