Xocalı soyqırımına qədər Qarabağda dinc insanların qətliamı
1980-ci illərin ikinci yarısından ermənilər İrəvan, Moskva və Qərbdə (Avropa, ABŞ) havadarlar tərəfindən hazırlanmış “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürməyə başladılar.
Bu plana əsasən, 1988-ci ilin əvvəlindən Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi məqsədi ilə Xankəndi və İrəvanda mitinqlər təşkil olundu.
Xaricdən gətirilmiş təxribatçı ermənilər vəziyyəti getdikcə gərginləşdirir, təxribatlar törədir, təzyiqlər edirdilər. Şovinizm və turkofobiya ilə zəhərlənmiş ermənilər Qarabağın dağlıq hissəsində azərbaycanlı əhaliyə qarşı təqiblər, silahlı hücumlara başladılar. Əsas məqsəd Dağlıq Qarabağın azərbaycanlı əhalisinin qovulması idi.
1988-ci il fevralın ayının 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisi Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-ə birləşmək qərarına gəldilər. Fevralın 22-də bu qərara etiraz olaraq aksiya keçirən ağdamlılara Əsgəran rayonu ərazisində atəş açılmış, iki gənc – Əli Hacıyev və Bəxtiyar Quliyev qətlə yetirildi.
Təqib, təzyiq, etnik təmizləmə, qətliam, işğal…
1988-ci ildə Dağlıq Qarabağda başlayan terror və separatizmi Daşnaksütyun və Krunk kimi millətçi təşkilatlar həyata keçirib. Həmin vaxt Dağlıq Qarabağda azərbaycanlıların təzyiq və təqiblərə məruz qaldığı kəndlərdən biri də qədim Tuğ kəndi olub. Hadrud rayonunun Tuğ kənd sakini Cəmil Bayramov o illərin hadisələrini belə xatırlayır.
Cəmil Bayramov 35 il əvvəl baş vermiş hadisələri xatırladaraq bildirir ki, 1988-ci il fevralın 12-də Hadrutda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə ilk mitinq təşkil olunub. Həmin gün rayon partiya komitəsində partiya təsərrüfat fəallarının yığıncağı keçirilmişdir.
İclasdan çıxanda gördük ki, ermənilər toplaşıb Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı şüarlar səsləndirirlər. Sonra bu dalğa rayonun bütün kəndlərini, o cümlədən kəndimizi bürüdü. Erməniləri “Krunk” və “Daşnaksütyun” təşkilatlarının üzvləri qızışdırıb, təxribatlar törədirdilər.
Kəndimizdə ermənilərlə azərbaycanlılar bir yerdə yaşayırdılar. Bundan əvvəl etnik zəmində heç bir insident olmayıb. Kənddə ilk qanlı hadisə 1989-cu il noyabrın 17-də baş verib. 9-cu sinif şagirdi Teyyub Süleymanov məktəbdə ermənilər tərəfindən öldürülüb.
Ermənilər getdikcə həyasızlaşırdılar. Azərbaycanlıların evlərinə daş atıb yandırdılar, kənddə erməni bayrağını qaldırdılar. 1991-ci il mayın 1-də “Dəyirman bəndi” adlanan yerdə ermənilərin qoyduqları partlayıcının partlaması nəticəsində iki kənd sakini həlak olub. İyulun 23-də iki sakin avtomobil yuyarkən güllələnib. Ermənilər onların meyitlərini təhqir etdilər. Sentyabrın 7-də məktəbdən bir qədər aralıda tərəvəz bağında iki nəfər azərbaycanlı öldürüldü. Oktyabr ayında azərbaycanlıların bir neçə evi yandırıldı. Bir nəfər öz evində öldürüldü.
“Beləliklə, onlar azərbaycanlıları kənddən qovmaq məqsədi güdürdülər. Oktyabrın 30-dan 31-nə keçən gecə ermənilər meşədən kəndi atəşə tutmağa, azərbaycanlıların evlərini yandırmağa başladılar. Çarəsiz qalan sakinlər kəndi tərk etməli oldular. Beləliklə, kəndimiz işğal olundu”, – deyə Cəmil Bayramov o vaxtkı hadisələri xatırlayaraq əlavə edib.
Tuğ kəndində baş verən bu hadisələr Qarabağın digər yaşayış məntəqələrində də təkrarlanıb. Xocavənd rayonunun Axullu kənd sakini Şaiq Aslanov da deyir ki, ermənilər azərbaycanlılara qarşı təcavüz və zorakılığa əl atırdılar: “İnsanlara təhqirlər, təzyiqlər olurdu. Kəndlilər sovxozun əkin sahələrindən istifadə edə bilmirdilər. 1988-ci ildən 1992-ci ilin yanvarına kimi erməni faşistlərinə müqavimət göstərdik. Biz bilirdik ki, ermənilər bizi Dağlıq Qarabağdan çıxarmaq istəyirlər. Kənd 1992-ci il yanvarın 9-dan 10-na keçən gecə yandırıldı. Kənd qəbiristanlığı da tamamilə dağıdıldı. Ermənilərin məqsədi təkcə bizi buradan qovmaq deyil, həm də tarixi izlərimizi, tarixi-maddi və mənəvi irsimizi silmək idi”.
Salakətin kənd sakini Gültəkin Ağayeva o dövrün hadisələrini belə xatırlayır: “1988-ci ildən ermənilər kənd sakinlərinə təzyiq göstərməyə, onları sıxışdırmağa başladılar, kəndi atəşə tutdular. Hər gün Ermənistanın bayrağını zirvəyə qaldırırdılar. Gənc kəndlilərimiz bu bayrağı yığışdırırdılar. Erməni faşistləri səsgücləndiricilərin vasitəsi ilə bizi kəndi tərk etməyə çağırırdılar. Yadımdadır, bir dəfə kəndin girəcəyində bir torba şirniyyat və meyvə qoydular, altında partlayıcı qurğu gizlətmişdilər ki, uşaqlar götürmək istəyəndə partlayış baş versin. Lakin bütün bu çətinliklərə baxmayaraq, kəndi tərk edən olmayıb. Dörd il ərzində biz mətanətlə dayandıq və mübarizə apardıq. Tuğ kəndi işğal olunandan sonra kəndi tərk etməli olduq”.
Belə ki, 1991-1992-ci illərdə erməni silahlı birləşmələri Qarabağın dağlıq hissəsində azərbaycanlıların yaşadıqları kənd və qəsəbələri mühasirəyə almış, onları bir-birindən təcrid etmiş, daha sonra dinc əhalini zəbt edərək qətlə yetirmiş, evləri, təsərrüfatları qarət etmiş, yandırmışlar. 1991-ci ilin noyabr ayından – 1992-ci ilin fevral ayına kimi Xocavənd, Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli, Meşəli və Qaradağlı kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişlər.
Qarabağın 6 kəndində erməni faşistlərinin törətdiyi qətliam – Xocalıya gedən yolun başlanğıcı
1992-ci il fevralın 10-dan-12-dək erməni silahlı birləşmələrinin Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular, Yuxarı Quşçular kəndinə , Xocalı rayonunun Meşəli kəndinə, Əsgəran rayonunun Cəmilli kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə hücumu nəticəsində 97-yə yaxın dinc etnik azərbaycanlı qətlə yetirilmişdir.
Şuşa rayonunda əhalisi azərbaycanlılar olan Malıbəyli kəndləri və Quşçular kəndi dağlıq ərazidə – yaylada, rayonun inzibati mərkəzi – Şuşa şəhəri yaxınlığında yerləşirdi. Kəndlərdə 4 minə yaxın insan yaşayırdı.
Qarabağ müharibəsi başlayandan bu kəndlər Ermənistan silahlı qüvvələrinin əsas hədəfinə çevrilmişdi. 1991-ci ilin oktyabrından Malıbəyli kəndi tam blokadada olmuşdur.
Fevralın 5-də kəndlərin üzərindən uçan helikopter kənd sakinlərinə yaşayış yerlərini tərk etmək üçün iki gün vaxt verildiyi barədə vərəqələr atır. Bölgə 1991-ci ildən mühasirədə olduğundan, yeganə əlaqə vasitəsi helikopterlə idi. Şuşaya uçan sonuncu helikopter yanvarın 28-də ermənilər tərəfindən vuruldu.
Fevralın 10-da gecə yarısı erməni silahlı birləşmələri Malıbəyliyə hücum etdi. Qadınlar və uşaqlar Quşçular kəndinə qaçdılar. Bütün evlər yandırıldı. Ümumiyyətlə, hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşdular.
Xocavənd rayonunun Qaradağlı kəndi Qarabağ müharibəsi zamanı ən çox zərər çəkən kəndlərdən biridir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçı hərəkatının yaranması ilə Qaradağlı kəndi üçün faciəli günlər başladı. Kənd camaatı doğulub boya-başa çatdığı doğma torpağın hər qarışı, hər daşı uğrunda vuruşmuş, onlarla kənd sakini ermənilərlə qeyri-bərabər döyüşlərdə şəhid olmuşdur.
1990-cı ildən 1992-ci ilin əvvəllərinə qədər qocalar və qadınlar da daxil olmaqla 23 azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Avtobusda kimisə güllələyib, kimisə diri-diri yandırırdılar. 1992-ci il fevralın 17-də erməni faşistləri Sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının muzdlu döyüşçülərindən, xüsusən texnika və canlı qüvvəsindən istifadə edərək Qaradağlı kəndini zəbt etmiş, dinc əhaliyə divan tutmuşlar. Həmin vaxt 33 kənd sakini öldürülmüş, 118 nəfər əsir götürülmüşdü. Ermənilər öldürülən və yaralanan kənd camaatını quyuya atıb, üzərlərini torpaqla örtürdülər. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürüldü, 50 nəfəri böyük çətinliklə əsirlikdən azad edildi. Daha sonra 5-i qadın olmaqla 18 nəfər sağalmaz yaralardan dünyasını dəyişdi.
Əsir düşmüş insanların baş kəsmək, diri-diri basdırmaq, dişlərini çıxarmaq, yeməksiz, susuz saxlamaq, döyərək öldürmək kimi vəhşi hərəkətlərdən istifadə edilməsi insanlığa qarşı bir cinayətdir. Bu soyqırım nəticəsində hər iki ailədən hər birində 4 nəfər, 6 ailənin hər birində 2-3 nəfər öldürülüb. Bundan başqa, 43 ailə ailə başçısını itirdi, bir ailənin hər iki valideyni həlak oldu, 146 uşaq yetim qaldı. Ümumilikdə Qaradağlı kəndində 91 nəfər və ya hər onuncu kənd sakini qətlə yetirildi. Ölənlərdən 21-i qoca, 10-u qadın, 8-i məktəbli olmuşdur.
Qaradağlı qətliamının şahidi Şahruz Əliyev 31 il əvvəl baş vermiş faciəli hadisələri xatırlayaraq deyir: “Fevralın 14-də düşmən kəndi mühasirəyə alaraq hücuma keçdi, qüvvələr qeyri-bərabər idi, lakin biz dörd gün əzmlə müqavimət göstərdik. Gülləmiz qurtardıqdan sonra ermənilər bizi əsir götürdülər. Ermənilər iki yaralını yerindəcə güllələdilər. İki nəfərin başına avtomat qundağı kündə ilə vururaq öldürdülər. Əsirlikdə misli görünməmiş əzablara dözməli olduq. Bu günlərin acısı yaddaşımdan heç vaxt silinməyəcək. Məhkumlar arasında məktəb yaşlı uşaqlar, qadınlar, qocalar olub. Qocaları və qadınları bir maşına, gəncləri başqa maşına mindirdilər. “Bəylik Bağı” deyilən yerdə maşını saxlayıb xeyli kənd sakinini güllələdilər. Ölənləri və yaralıları silos quyusuna atıb torpaqla örtdülər. “Zəki Bulaq”larda iki nəfər öldürüldü. Beləliklə, bütün yol boyu maşını saxlayıb məhbusları güllələyirdilər. Sonra bizi Xankəndinə gətirib soyuq zirzəmiyə atdılar. Səhər tezdən erməni faşistləri sonralar talelərindən xəbərimiz olmayan 5 əsiri apardılar. Onların arasında qardaşım Vətən də var idi. Bizi hər gün döyür, işgəncə verirdilər. 55 gündən sonra xalqımız məni əsirlikdən xilas edə bildi. Amma təəssüflər olsun ki, qardaşım Vətən və bir çox həmkəndlilərimiz əsirlikdən qayıtmadılar və onların çoxunun taleyi ilə bağlı heç nə məlum deyil”.
Məhz Malıbəyli, Aşağı Quşçular, Yuxarı Quşçular Cəmilli, Meşəli, Kərkicahan kəndlərində baş vermiş qətliamdan sonra Qaradağlı, Ağdaban və əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı baş vermiş, nəticədə yüzlərlə günahsız Azərbaycanlı qətl edilmişdir.
Vahidov Qurban. Araşdırmaçı – analitik
Comments are closed.