Türk Dünyası Dayanışma və Yardımlaşma Təşkilatı Bəyanat yaydı
Türk Dünyası Dayanışma və Yardımlaşma Təşkilatı Azərbaycan Ölkə Başqanlığı Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
“Kafkaznews.com”-un xəbərinə görə, bəyanatda deyilir:
“XX əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımından 31 il ötür.
İşğalçı Ermənistan 1905-ci ildən, 1991-ci ilə qədər azərbaycan türklərinə qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasəti nəticəsində yüz minlərlə dinc insan kütləvi surətdə qətlə yetirilmiş, milyonlarla dinc əhali öz torpaqlarından didərgin salınmışdır.
Cəzasızlıq mühitindən daha da azğınlaşan erməni faşist silahlı birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrində törətmiş olduğu qətliamlardan ən dəhşətlisi Xocalı şəhərində baş vermişdir.
Xocalı soyqırımından əvvəl quldur erməni dəstələri Bağanis Ayrım, Meşəli, Aşağı Quşçular, Yuxarı Quşçular, Kərkicahan, Malıbəyli və Qaradağlı kimi yaşayış məntəqələrində azərbaycanlı əhali qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmiş və onlara qarşı qırğınlar törədilmişdir.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, onların havadarlıq etdiyi erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktı törədilmişdir.
Soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 nəfər xüsusi qəddarlıqla öldürülüb, 1275 nəfər girov götürülərək, işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.
İnsanlığa qarşı cinayət olan Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının və Rusiya Federasiyası cinayətkar Elçin hökümətinin siyasi və dövlət rəhbərliyi, bilavasitə icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terror qruplaşmaları və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti olmuşdur.
Soyqırımının törədilməsindən 31 il keçməsinə baxmayaraq, təəssüf ki, Robert Koçaryan, Serj Sarkisyan, 366-cı Alayın komandiri Yuri Zarviqorov, 2-ci batalyonun komandiri Seyran Ohanyan, 3-cü batalyon komandiri Evqeniy Nabokix, 1-ci batalyonunun qərargah rəisi Valeri Çitçayan, 366-cı alayın kəşfiyyat rəisi Vaçaqan Hayriyan, 11-ci alayın komandiri (Daxili Qoşun A.A. Poqosyan), 366-cı alayın erməni əsilli 14 hərbçisi, Xankəndi Şəhər Daxili İşlər İdarəsinin rəisi Armo Abrahamyan, Əsgəran Rayon Daxili İşlər İdarəsinin rəisi Mavrik Qukasyan və digər bir qrup polis əməkdaşı, eləcə də bir sıra digər yüksək rütbəli məmurlar Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırım), 107 (əhalini deportasiya və məcburi köçürmə), 113 (işgəncə), 115.4 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17 (zorlama) maddələri ilə ittiham olunmalarına baxmayaraq onların ədalət məhkəməsinin qarşısına çıxarılmasına nail olunmamışdır.
Xocalıda mülki əhalinin məhz etnik mənsubiyyətinə görə kütləvi və məqsədyönlü şəkildə qətliamı BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya əsasən soyqırımı cinayəti kimi tövsif edilməlidir.
Ermənistanın dinc insanlara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində bir sıra beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın, “İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya”nın, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın, “Uşaq hüquqları haqqında” Konvensiyanın və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın tələbləri kobud şəkildə pozulmuşdur.
Soyqırım siyasətini davam etdirən Ermənistan İkinci Qarabağ müharibəsi dövründə də hərbi əməliyyatların baş verdiyi ərazilərdən kilometrlərlə uzaqda olan, mülki əhalinin sıx yerləşdiyi şəhər və kəndləri ballistik raketlərlə, kasetli bombalarla hədəfə almış, bunun nəticəsində 12-si uşaq olmaqla, 100-ə yaxın mülki şəxs həlak olmuş, 50-si uşaq olmaqla, 400-dən çox insan yaralanmışdır. Həmin dövrdə Ermənistanın mülki obyektlərə hücumları 3410-dan çox evin, 120 çoxmənzilli yaşayış binasının və xeyli sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla, 512 mülki infrastrukturun dağılmasına səbəb olmuşdur.
Ölkəmizə qarşı yönəlmiş hərbi təcavüzün qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatı nəticəsində 31 ilə yaxın Ermənistanın işğalı altında olmuş torpaqlarımız qısa müddət ərzində azad edilmiş, soydaşlarımızın pozulmuş hüquqlarının bərpa edilməsi üçün əsas yaranmışdır.
Xüsusilə qeyd olunmalıdır ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başladığı münaqişədən bu günədək Xocalıda itkin düşmüş şəxslər də daxil olmaqla, əsir və girov götürülmüş, itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyindən xəbər yoxdur.
Azərbaycan höküməti beynəlxalq humanitar hüquq normalarını kobud surətdə pozan Ermənistana münasibətdə təsirli tədbirlər görməli, əsir və girov götürülmüş, itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi barədə məlumatların əldə olunması məqsədilə cavabdeh dövlətə təzyiqlər etməlidir.
Dünya ictimaiyyəti, əlaqədar beynəlxalq təşkilatlar Xocalıda törədilmiş soyqırımı aktına adekvat reaksiya verməli, bu cinayət soyqırımı kimi tanınmalı, onun sifarişçiləri, icraçıları ədalət mühakiməsinə cəlb olunmalıdırlar”.
Comments are closed.