Tərtər işi” bağlı vətəndaşlar Müdafiə Nazirinə müraciət etdilər
Artıq aylardır ki, 2017-ci ildə çoxsaylı hərbçilərə qarşı aparılan cinayət işindəki qanunsuzluqlar və istintaq çərçivəsində ordunun ruhunu sarsıtmağa yönələn dəhşətli işgəncələr ictimaiyyətin gündəmindədir.
2017-ci ildə 4 rəsmi qurum birlikdə açıqlama yayaraq, bir qrup hərbçimizin Ermənistanın xeyrinə casusluq etməsi barədə cinayət işi açıldığını bildirdi. Lakin həqiqətən də onlar Ermənistana işləyiblərmi, yoxsa, əsl xainləri gizlətmək üçün yüzlərlə əsgər və zabitə misli görünməmiş işgəncələr verilib?
Mətbuatda verilən xəbərlərə görə həbs edilənlər arasında ordumuz üçün əvəzsiz xidməti olan, günahsız olaraq saxlanılanlar da var. Bu mənada redaksiyamıza bir qrup vətəndaşdan məktub daxil olub. Onun dərc edilməsi xahiş olunur. Müraciəti olduğu kimi oxuculara təqdim edirik:
Azərbaycan Respublikasının Müdafiə naziri
General-polkovnik Zakir Həsənov Cənablarına
Haqqında 01.09.2022-ci il tarixində 4 ay həbs
qəti-imkan tədbiri seçilən, Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin
rəisi vəzifəsini icra edən general-mayor Orucov
Bəkir Şirin oğlunun hüquqlarını qorumaq
məqsədi ilə yaradılan Qrup üzvləri adından
MÜRACİƏT
Möhtərəm Nazir, sizə bu müraciətimizlə bildiririk ki, Ordunun şərəfli və ləyaqətli zabiti Bəkir Orucov Şirin oğlu qərargah rəisi olduğu II Beyləqan korpusunda 2017-ci ildə baş vermiş ölüm hadisəsində təqsirləndirilərək 01.09.2022 –ci il tarixində həbs edilmişdir. Ancaq onun hüquqlarını müdafiə Qrupu olaraq, biz sizə bəyan edirik ki, həmin hadisədə Orucovun heç bir günahı olmamışdır. O, əsassız və saxta ittihamlarla şərlənərək həbs edilib. Bildiyiniz kimi, 2017-ci ildə bəzi yerlərdə olduğu kimi, Beyləqan korpusunda da casus şəbəkəsinin araşdırılması məqsədi ilə istintaq işləri aparılmışdır. Beyləqan korpusunda casusluqda şübhəli bilinən hərbi qulluqçuların dindirilməsi məqsədi ilə işkəncə məkanı düzəldilmiş və həmin şəxslərə ağır fiziki və psixoloji işkəncələr verilmişdir. Və siz də çox gözəl bilirsiniz ki, həmin işkəncə məkanını təşkil edən və işkəncə prosesinə tam rəhbərlik edən sizin hazırda general-leytenant rütbəsinə yüksəltdiyiniz Mayis Bərxudarov olmuşdur. Orucov isə bu işlərin gedişatından çox narazı qalmış və dəfələrlə korpus komandiri Mayis Bərxudarova öz etirazını bildirmişdir. Bərxudarov isə Orucovun etirazlarına məhəl qoymamış və bunun bir əmr olduğunu söyləmişdir. Buna baxmayaraq, general-mayor B.Orucov bu istintaq işlərinin aparılmasında qətiyyən iştirak etməmişdir. Əksinə, Adil Sabirlinin ölümündən sonra heç nəyə məhəl qoymadan həmin işkəncə məkanını dağıdan da məhz Orucov olmuşdur. Belə olmasaydı, başqa korpuslarda olduğu kimi, burada da belə ölüm hallarının sayı çox ola bilərdi.
2018-ci ildə Prezidentin sərəncamı ilə C.Naxçıvanski adına hərbi litseyin rəisi vəzifəsinə təyin olunduqdan və bununla əlaqədar Bakıya gəldikdən sonra mərhum Adil Sabirlinin Beyləqan korpusunda verilən işkəncələr nəticəsində ölümü ilə bağlı aparılmış istintaq materialının ilkin versiyasından əsl günahkarların adları qeyri-qanuni yollarla çıxarılmış, Orucovun adı buraya salınmış, saxta şahid ifadələri əsasında hərbi qulluqçulara işkəncə verilməsi prosesində onun da adı hallandırılmışdır. İstintaq materialına adını daxil etdikləri Orucova bu haqda heç bir məlumat verilməmiş və heç istintaqa da cəlb edilməmişdir.
Bunu da sizin diqqətinizə çatdırmaq istəyirik ki, istər istintaq, istər də mətbuat orqanlarının bu 5 il ərzindəki heç bir açıqlamasında və heç bir şahid ifadəsində Orucovun adı hallandırılmamışdır. Əksinə, həmin bu beş il ərzində Bəkir Orucov Müdafiə naziri olaraq sizin tərəfinizdən qüsursuz xidməti, ordudakı nüfuzu qiymətləndirilərək yüksəldilmiş, müxtəlif orden və medallarla təltif olunmuşdur. Belə bir cinayətdə əlinin olmasına dair şübhəniz olsaydı, yəqin ki, Orucovun vəzifədə yüksəlməsinə imkan verməzdiniz, əksinə dərhal cəzalandırılmasını tələb edərdiniz. Güman edirik ki, sizin bir rəhbərlik kimi orduda baş verən hər şeydən xəbəriniz var və olmalıdır. Və yəqin ki, Orucovun necə şərəfli və ləyaqətli bir zabit, vətəninin hər qarış torpağından ötrü canını fəda etməyə hazır olan bir əsgər olduğunu da bilirsiniz. Xatırlatmaq istəyirik ki, məhz Orucov və onun əsgərlərinin sayəsində Azərbaycan ordusu ilk dəfə qələbə sevincini öz xalqına yaşatmışdır. Lələtəpə kimi strateji əhəmiyyətli yüksəkliyin alınması uğrunda gedən döyüşlərdə, məhz o, “Mən şəhid olmağa gedirəm, mənimlə kim gedir?” deyə əsgərlərinə səslənmişdir. Öz söhbətlərində bunlardan bəhs edərkən onun məqsədi heç də özünü öymək olmamışdı, əksinə o, böyük qürur hissi ilə ancaq əsgərlərinin igidliyindən danışırdı həmişə. Həmin döyüşlər barədə deyirdi ki, onun bu müraciətini eşidən gənc əsgərlərinin hamısı bir nəfərədək “Mən gedirəm” söyləmişdilər. Bu döyüşlərə Ali Baş Komandanımızın və sizin göstərişinizlə şəxsən özünün rəhbərlik etməsinə baxmayaraq, 4 gün səngərdə düşmən toplarının atəşi altında əsgərləri ilə çiyin-çiyinə vuruşduqdan sonra cəmi 4 şəhid verməklə almışdı o yüksəkliyi. A.Qurbaninin “Lələtəpə fatehləri” adlı kitabında onun qəhrəmanlığı barədə yazılmış epizodları oxusanız, bunu daha aydın təsəvvür edərsiniz. Və bir də istərdik ki, həmin o günlərdə ailəsinin də nə çəkdiyini təsəvvürünüzə gətirəsiniz. Hazırda layiq olmadığı tərzdə cəzalandırılmış generalımız, məhz bu döyüşlərdə göstərdiyi xüsusi şücaətə görə Prezidentimiz tərəfindən general-mayor rütbəsinə yüksəldilmiş və “igidliyə görə” medalı ilə təltif olunmuşdur. Ancaq bütün bu xidmətlərindən sonra da o, mətbuatda adının çəkilməsini istəməmiş, digərləri kimi reklam olunmasına imkan verməmiş, yaxınlarının etirazına cavab olaraq isə ”Mən vəzifə borcumu yerinə yetirmişəm. Mən zabitəm, artist deyiləm ki, bütün günü efirlərdə olum” söyləmişdir. Və hal-hazırda xalqının belə bir igidinin varlığından xəbərdar olmamasının əsl səbəbi də elə budur. Bu gün isə ona qarşı törədilmiş bu haqsızlığı gördükdən sonra bizim “kaş ki” lərimiz çoxdur. Kaş ki, o bu qədər təvazökar olmazdı…
Onun hüquqlarını qoruyan Qrup olaraq, bizi və şəxsən Orucovu bir sual çox düşündürür. Bəs Orucovun rəhbərliyi nədən onun hüquqlarını qorumur? Nədən belə bir döyüş generalının özünü və ailəsini saxta ittihamlara, çirkin böhtanlara qurban verir?
Diqqətinizə çatdıraq ki, biz bütün Zəngəzur mahalının Qafan elinin fəxri olan generalımızın haqsız olaraq həbs edildiyi ilk gündən onun hüquqlarını qorumaq istəmişik. Ancaq generalımız buna imkan verməyib. O, ailəsi ilə telefon danışıqlarında ancaq bunu söyləyib: “Narahat olmayın. Mənim vicdanım Allahın yanında təmizdir. Mən tək deyiləm ki, rəhbərliyim var. Müdafiə Nazirliyi yaxşı bilir ki, mənim heç nədə günahım yoxdur”, öz vəkilinə isə dedikləri bu olub: “Nazirlik və cənab nazir işkəncə prosesinə kimin rəhbərlik etdiyini, işkəncə məkanının kimin qurduğunu, işkəncələrin kimin bilavasitə göstərişləri ilə verildiyini və mənim təkidimlə həmin işkəncə məkanının dağıdıldığını, işkəncələrə son verildiyini də çox gözəl bilir. Yəqin ki, mənim haqqımı tələb edəcək, tez bir zamanda azad edilməmə nail olacaqdır”.
Ancaq biz sizdən onun və ailəsinin hüquqlarını qorumaq naminə nəsə etdiyinizi görmədik. Və bu səbəbdən, B. Orucovun iradəsinə zidd olaraq belə bir addım atdıq, onun günahsızlığından əmin olan şəxslərdən ibarət Qrup yaratdıq. Qrup olaraq da indiyə qədər müşahidə etdiyimiz o oldu ki, hələ bir dəfə də olsun, Nazirlik tərəfindən onun ailəsi ilə əlaqə saxlanılmamış, onlara heç bir cəhətdən dəstək verilməmişdir. Çox əfssuslar olsun ki, reallıq budur. Həyat yoldaşı Orucova Samirənin xərçəng xəstəliyindən əziyyət çəkdiyindən də xəbərdarsınız. Həyat yoldaşının həbsindən sonra keçirdiyi ağır sarsıntıdan sonra aldığı bütün müalicələrinin və kimya-terapiyalarının təsiri heç olan Samirə xanım indi də yoldaşının çirkin böhtanlarla şərlənərək həbs edilməsinə etiraz olaraq almalı olduğu kimya terapiyalardan imtina etmişdir.
Azərbaycanda hamı öyrəşib ki, məmur olan hər kəsin imkanı yaxşı olmalıdır. Hələ söhbəti gedən şəxs generaldırsa, demək ki, imkanı əladır. Amma siz öz zabitinizin vəziyyətindən xəbərdar olmalısınız. Bilməlisiniz ki, Orucov Bəkir Şirin oğlunun yeganə gəlir mənbəyi işlədiyi yerdən aldığı maaş olub. 26 ildən sonra ilk dəfə xalqına qələbə sevinci yaşadan, ömrünün 30 ilindən çoxunu vətəninə xidmətə həsr edən, bu illər ərzində Azərbaycan ordusundakı qüsursuz xidməti ilə gənc əsgər və zabitlərə nümunə olan bu generalınızın adı heç vaxt korrupsiyada hallanmayıb və başqaları kimi çoxlu sayda mal-qara, toyuq-cücə fermaları, nə ölkə daxilində, nə də xaricdə biznesləri olmayıb.
Haqsız olaraq, bu gün həbsdə əziyyət çəkən Orucovun adından bizim də sizdən bir xahişimiz olacaqdır. Cənab Nazir, Sizdən xahiş edirik, bu haqsızlığın qarşısını almaq üçün əlinizdən gələni edin. Generalımızın başına gətirilmiş bu oyunun böyük bir faciəyə dönməsinə yol verməyin. Onun hələ də həbsdə olması generalı özünə örnək götürən yüzlərlə gənclərimizin orduya, ordudakı ədalətə inamını sarsıdır. Əgər B.Orucov haqqında hansısa tərəddüdləriniz varsa, özünüz araşdırma aparın və onun günahsızlığından əmin olun. Ancaq biz sizi əmin edirik ki, orduda hər kəs kimin günahsız, kiminsə günahkar olduğunu çox gözəl bilir. Ona görə də sizdən ricamız budur ki, ordumuzun şərəfli bir zabitinə qarşı qurulmuş bir ssenarini durdurun. Generalınızın meydanda tək olmadığını göstərin. Göstərin ki, Orucov kimi vətənpərvər oğullar yenə də torpaq uğrunda döyüşməyə gedəndə belə bir ədalətsizliklə üzləşməkdən çəkinməsinlər. Bizə elə gəlir ki, siz də bizimlə razılaşarsanız ki, Azərbaycanda ilk dəfə döyüşdən sonra “general” rütbəsi almış, hərbi fəaliyyətinin 22 ilindən çoxunu ancaq döyüş bölgələrində keçirmiş bir zabitin mükafatı bu olmamalıdır.
Diqqətinizə bunu da çatdırmağı özümüzə borc bilirik ki, bu məktubun kopyalarını mətbuat orqanlarına yerləşdirəcək və sizdən cavab gözləyəcəyik. Bizi qane edən cavab almadığımız təqdirdə, Müdafiə Nazirliyinin qarşısında Orucovun müdafiəsi naminə piket və aksiyalar keçirəcəyik.
Və sonda sizə təkrar bildirmək istəyirik ki, general-mayor Bəkir Orucov sizə və ədalətinizə güvənir və gəlin, onun bu güvənini sarsıtmayaq.
Yekun olaraq, sizə və ictimaiyyətimizə bunu da bəyan etmək istəyirik ki, biz də hüquqlarını müdafiə etdiyimiz general-mayor B.Orucov kimi hər cür şiddətə qarşıyıq və istər Beyləqan, istər də Tərtər hadisələrini qətiyyətlə pisləyirik. Və öz millətinin balalarına işkəncə verənləri və verdirənləri lənətləyirik.
Hörmətlə: General-mayor B.Orucovun hüquqlarını qorumaq üçün yaradılmış Qrup. Qrupun üzvləri:
İbrahimova Rita İsa qızı
Babayev Əbil Baba oğlu
Şıxəliyev Tahir Nüsrət oğlu
Hüseynov Ənvər Əhməd oğlu
Hüseynova Flora Bahadur qızı
Pənahov Novruz İsmayıl oğlu
Məsiyev Elxan Əvəz oğlu
Məmmədova Məryəm Qabil qızı
İbrahimova Şölə İsa qızı
İbrahimov Elçin Bahadur oğlu
Və daha 220 nəfər
Comments are closed.