Rəsmi İrəvan: Rusiya və Qərb bizi tərk etdi. Ümidimiz Hindistandır

Rusiyadan “üz döndərən” və hələ də Qərbdən etibarlı təhlükəsizlik zəmanəti ala bilməyən Ermənistan Asiyada yeni tərəfdaşlar axtarır. İrəvan Hindistanla münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa hazırlaşır.

Ermənistanın Nyu-Dehlidəki səfiri Yuri Babaxanyan bildirib ki, iki ölkə arasında mövcud əlaqələr “sivilizasiyalararası tərəfdaşlıqdır” və tezliklə strateji əlaqələrə çevriləcək.

Yuri Babaxanyan Dehlidə yüksək tribunadan İrəvanın yeni xarici siyasət istiqamətlərini səsləndirib.

“The Hindu” xəbər verir ki, erməni diplomat bu fikirləri aprelin 13-də Hindistanın Mərkəzi Asiya Fondunun təşkilatçılığı ilə Dehlidə Cənubi Qafqazla bağlı seminarda çıxışı zamanı səsləndirib.

Çıxış zamanı Babaxanyan “Ermənistan və Hindistan arasında artan siyasi tərəfdaşlığın uzunmüddətli tərəfdaşlıq kimi institusionallaşdırılmasının” vacibliyindən danışıb. Və əlavə edib ki, bu münasibətlərin strateji tərəfdaşlığa çevriləcəyi gün uzaqda deyil.

“Bizim çox qədim tarixi əlaqələrimiz var”, – Babaxanyan vurğulayıb. – Mən buna sivilizasiya tərəfdaşlığı deyirəm… Nə vaxtsa biz onları strateji tərəfdaşlığa çevirəcəyik və düşünürəm ki, bu gün yaxındır. Bizim ümumi maraqlarımız var və heç bir ziddiyyət yoxdur. Bu, iki ölkə arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində institusionallaşdırılmalıdır”.

Səfirin sözlərinə görə, hazırda Ermənistanın qarşısında duran əsas hərbi vəzifə Azərbaycanla sərhəddə uzunluğu 500 kilometrdən çox olan müdafiə infrastrukturunun tikintisidir.

Babaxanyan xatırladıb ki, Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlıq qurub, bu ölkədən yüz milyonlarla dollar dəyərində silah-sursat, o cümlədən “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin alınmasına dair müqavilələr imzalayıb. Və bildirdi ki, yaxın vaxtlarda Ermənistanın Hindistandakı səfirliyinə hərbi attaşe təyin olunacaq.

“Fillər Yurdu” Ermənistana Azərbaycanla yeni müdafiə xətti qurmağa kömək edir

Ermənistan səfiri çıxışında bildirib ki, ABŞ və Avropa regionda mühüm oyunçular olaraq qalır, lakin onların təsirləri getdikcə zəifləyir. Babaxanyanın sözlərinə görə, Ermənistan özünü Rusiya və Qərb tərəfindən tərk edilmiş hiss edir. Səfir xüsusilə qeyd edib ki, “2020-ci ilin payızında 44 günlük müharibə zamanı Tramp administrasiyasının döyüşləri dayandırmaq cəhdləri yarımçıq və ləng olub”.

“Hazırda Qərb bütün gücü ilə Minsk Qrupu üçün yeni rol tapmağa çalışır”, – Babaxanyan bildirib.

Erməni diplomatın fikrincə, Co Bayden administrasiyası regiona daha çox diqqət yetirməyə çalışır, çünki Cənubi Qafqaz İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı Çin, Rusiya və İran kimi əsas Qərb rəqiblərinin, eləcə də bu sahədə “çətin tərəfdaşların” maraqlarının kəsişmə nöqtəsinə çevrilib.

Hindistan “Üçlü Alyansa” – Azərbaycan-Türkiyə-Pakistana meydan oxuyur

Yuri Babaxanyan Ankaranın regionda artan rolundan da danışaraq bildirib ki, Azərbaycanın hərbi müttəfiqi olan Türkiyə Rusiyadan və Moskvanın əsas rəqibindən sonra ən güclü regional oyunçudur. Həmçinin onun sözlərinə görə, İran faktoruna görə İsrail Azərbaycanı hər cür dəstəkləyir və Azərbaycan ordusunun müasir İsrail silahları ilə təmin olunması 2020-ci il müharibəsində oyun qaydalarını dəyişib.

Qeyd edək ki, ikinci Qarabağ müharibəsinə qədər Hindistan Cənubi Qafqaz regionunda maraqları olan ölkələr sırasında deyildi. Hər halda, əvvəllər heç kim bu regionda “fillər ölkəsi”nin hansısa geosiyasi vəzifəsi barədə eşitməmişdi.

Lakin Azərbaycanın Qarabağ müharibəsində qalib gəlməsi, regionda onilliklər ərzində formalaşan status-kvonu dəyişdirməsi, eyni zamanda Hindistanın əsas rəqibi olan Pakistanla hərbi-siyasi müttəfiqliyini gücləndirməsi Dehlinin Cənubi Qafqaza ermənilərin vasitəsilə soxulduğunun şahidi oluruq

Görünür, Hindistan hesab edirdi ki, rəsmi İrəvanı dəstəkləməklə güc mərkəzi Azərbaycan-Pakistan-Türkiyəyə qarşı balans yaratmaq olar. Ermənistanın ciddi iqtisadi potensiala malik olmamasına və “müflis dövlət” statusunda olmasına baxmayaraq, Hindistan rəhbərliyi bu ölkə ilə tərəfdaşlığın onun regionda daha mühüm rol oynamasına kömək edəcəyinə inanır.

Mənbə: Haqqin.az

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.