Məktəblilər narkomaniya və onun fəsadları barədə maarifləndirilir

Mingəçevir şəhər Polis şəbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev şöbənin əməkdaşları ilə birgə narkomaniya və digər zərərli vərdişlərlə mübarizə tədbirləri məqsədilə bu şəhərin 11 saylı tam orta məktəbində olub. Polis əməkdaşları şagirdlərlə maarifləndirici söhbətlər aparıblar. Məqsəd ölkəmizdə, eləcədə şəhərimizdə günü-gündən narkomaniyanın artmasının qarşısını almaq üçün gənclərlə maarifləndirici tədbirləri gücləndirməkdir. Əvvəlcə şagirdlərə Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunmuşdu.
“Narkomaniyaya yox deyək” və digər zərərli vərdişlərə qarşı keçirilən görüşdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib. Bildirib ki,məqsədimiz narkomaniya ilə birgə gənclərimizə digər zərərli vərdişlərdən də uzaq durmaları barədə tövsiyyələrimizi çatdırmaqdır. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açan şöbə rəisi, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib:
“Tərəfimizdən şəhər ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Lakin buna baxmayaraq gizli yolla da narkotikadan isitfadə edənlər var və onun acı nəticələri görülməkdədir. Narkomaniya ilə mübarizədə sizlərdə polisə dəstək olmalısınız”.
Daha sonra Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxışı zamanı narkomaniyanın törətdiyi fəsadlardan ətraflı məlumat verib. Slaydlar vasitəsi ilə şagirdlərə narkotik vasitələri göstərilib və onların təhlükələri barədə geniş izah verib.
Digər polis əməkdaşları “Erkən nikah və onun törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”, “Dini fanatizm, radiklizm, ekstremizmin mahiyyəti və təhlükələri” və yol hərəkəti qaydaları ilə bağlı mövzularda çıxışlar ediblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.
Qeyd edək ki,tədbirdə məktəbin direktor əvəzi Sevda Şükürova və təhsil sektorunun müdiri Sevinc Həsənova da iştirak edib.


Esmira Hidayətova, Mingəçevir.

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.