“Heydər Əliyev əcnəbilərin gözü ilə”
Mingəçevir Dövlət Universitetində (MDU) ˝Heydər Əliyev İli˝ çərçivəsində ˝Heydar Aliyev – The Inspiration of Azerbaijani Youth (Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi)˝ adlı ədəbi–bədii tədbir keçirilib. Universitetin Xarici dillər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil sektorundan və onun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən nümayəndələr, MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.
Əvvəlcə, Ümummilli Liderimizin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra, ulu öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən videoçarx izlənilib.
Tədbir iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov dünyaşöhrətli siyasətçi, görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil olunan ədəbi-bədii tədbirin müstəqil Azərbaycanın xilaskarı və qurucusu olan dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və gənc nəsil arasında təbliği baxımdan önəmli olduğunu vurğulayıb.
Tədbirdə universitetin tələbələri və gənc əməkdaşları tərəfindən müxtəlif dillərdə Ulu Öndərə həsr olunan məruzələr, şeirlər və mahnılar, Azərbaycan və dünya klassiklərinin bədii əsərlərindən müxtəlif səhnəciklər təqdim ediləcəyini bildirən Ş.Bayramov belə maraqlı ədəbi-bədii kompozisiyanın təşkilində əməyi olanlara təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.
Sonra, MDU-da fəaliyyət göstərən amerikalı mütəxəssis Con Bunke “Heydər Əliyev əcnəbilərin gözü ilə” (ingilis dilində), Xarici dillər kafedrasının müəllimlərindən Nərgiz Kərimova “Təhsil millətin gələcəyidir” (alman dilində), Lalə Rüstəmova “Uşaqlar bizim gələcəyimizdir” (rus dilində) və Leyla Əhmədova “Heydər Əliyevin gənclər siyasəti” (fransız dilində) mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə Heydər Əliyevin uşaqlara və gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edilib, Ulu Öndərin rəhbərliyi dövründə gənclərin hərtərəfli inkişafı üçün yaradılmış geniş imkanlardan danışılıb. Maraqla qarşılanan məruzələrdən sonra tədbir əbədi-bədii hissə ilə davam edib.
Qeyd edək ki, MDU-da “Heydər Əliyev İli” çərçivəsində çoxsaylı tədbirlər keçirilir.
Esmira Hidayətova, Mingəçevir.
Comments are closed.