Ermənistan 9 min kv. km ərazidə necə quruldu…

Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşməsi, demarkasiya və delimitasiyanın aparılması məsələsi gündəmdə ikən 1918-ci ildə Ermənistan Respublikasının elan olunması və onun sərhədləri ilə bağlı erməni millətindən olan şəxslərin yazdıqlarının da əhəmiyyəti var. Ermənistan 9 min kvadrat kilometr ərazi ilə elan olunub və bunu onlar sevinclə qəbul ediblər. İndi Ermənistan ərazisi 29, 8 min kvadrat kilometrdir. Bir soruşan yoxdur ki, bu ərazilər kimin torpaqları hesabına genişləndirilib? 

Birinci Ermənistan Respublikasının baş naziri və xarici işlər naziri Aleksandr Xatisyan “Ermənistan Respublikasının doğuşu və inkişafı” adlı monumental kitabı İrəvanda nəşr olunub, o bu əsərində bəzi mühüm və indiyədək məlum olmayan məsələlərə toxunub.Və həmin dövrdə Xatisyan Batum konfransında iştirak edib, Osmanlı dövləti ilə danışıqlar aparıb. 9 min kvadrat kilometrdə Ermənistanın qurulmasını ermənilər üçün göydəndüşmə bir sürpriz olduğunu ifadə edən Xatisyan  Batum sazişindən (4 iyin 1918) öncə təmasda olduğu Osmanlı nümayəndə heyətinin üzvləri Xəlil bəylə, Vehib paşa ilə görüşmələrini də kitabına daxil edib. Tarixi gerçəkləri etiraf edib.
Tanınmış ermənişünas alim, politoloq Qafar Çaxmaqlı özəl olaraq Moderator.az üçün həmin kitabdan bir hissəni nöqtə-vergülünə toxunmadan tərcümə edib.
Batumda Vehib Paşa özü əli ilə xəritədə Ermənistanın sərhədlərini çəkdi
…Batuma çatan kimi ilk işimiz Xəlil bəyə Ermənistanın müstəqilliyinin elan edildiyini və Türkiyənin ultimatumunun qəbul edildiyini bildirmək oldu. ( Osmanlı dövləti Zaqafqaziya Federativ Respublikasına ultumatim vermişdi) Məktub 29 may saat 19:00-da, ultimatum üçün son tarixdən bir saat əvvəl çatdırılmışdı. Gürcülər isə almanlara güvənərək tələsmirdilər. Onlar Xəlil bəylə mayın 31-nə kimi münasibətdə olmuşdular və ultimatumun vaxtı  mayın 29-da saat 20:00-da başa çatmışdı. Bu hadisə türklərdə çox pis təsir etmişdi , bu mövzuya sonra qayıdacayıq.
Xəlil bəy elə həmin axşam mənə cavab verdi və biz onunla ertəsi gün, mayın 30-da saat 12:00-da klub binasında görüşmək qərarına gəldik.
 Danışıqlar fransız dilində aparılırdı. Birinci iclasda Vehib Paşa şəxsən məndə olan tarixi xəritədə Ermənistanın sərhədlərini çəkdi, (bu xəritəni həm Trabzonda, həm də daha sonra İstanbulda, Gümrüdə, Avropada cibimizdə daşıyırdıq).
Xəritəyə baxanda içimizi iki kəskin hiss doldurdu. Birincisi, yüzillik mübarizədən sonra nəhayət ki, dünya xəritəsində ən azı kiçik bir torpaq parçasına sahib olmağımızla fəxr etməli idik, ikincisi, bu guşənin bizə verdiyi ağrı vardı, bizə ayrılan  ancaq 9 min kvadratkilometr idi ki, bu da insanlarımızı yerləşdirməyə qətiyyən yetərli deyildi.
Birinci oturum sərhədlərin öyrənilməsinə həsr olunmuşdu. Bu bir həqiqət idi ki , türklər Gürcüstan və Azərbaycanla sərhədlərimizi düşünməkdən qaçırdılar . Sadəcə olaraq Türkiyə ilə sərhədlərimizi çəkdilər, digər qonşularımızla sərhədlərimizi onların özləri ilə razılaşmağa buraxdılar.
Amma biz artıq bilirdik ki, gürcülər Qarakilise, azərbaycanlılar isə İrəvana qədər böyük bir ərazini  tələb edirlər. Mübahisəsiz ərazi Aleksandropolun dağlıq hissəsi olan Yeni Bəyazət əyaləti idi və burada cəmi 13 kilometrlik dəmir yolu qalmışdı.
Biz hər üç  oturumu sərhədlər mövzusuna həsr etdik. Biz Vehib Paşadan və Xəlil bəydən çox eşitmişdik ki, sabah da bu gün olduğu kimi erməni xalqının taleyi üçün də mühüm əhəmiyyət kəsb edəcək. Vehib Paşa xəritəni göstərərək Türkiyənin  mövqeyini izah etdi.
“Görürsünüz, tale Türkiyəni qərbdən şərqə doğru sürükləyir. Biz Balkanları tərk etdik, Afrikanı tərk edəcəyik, amma bunların yerinə  Şərqdə məskunlaşmalıyıq. Qanımız, dinimiz, dilimiz oradadır. Bunun da təbii cazibəsi var. Qardaşlarımız Bakıda, Dağıstanda, Türküstanda, Azərbaycandadır.
Biz yolumuzu oralara salmalıyıq. Siz isə ermənilər bizim yolumuzu kəsmək istəyirsiniz . Vanı tələb etməklə bizim İrana gedən yolumuzu kəsirsiniz. Naxçıvanı, Zəngəzuru tələb etməklə Kür vadisindən Bakıya getməyimizə mane olursunuz. Qars və Axırkələkdən Qazax və Gəncəyə gedən yolumuzun üstünə çıxırsınız.
Siz kənara çəkilib bizə yol verməlisiniz .Əsas müzakirəmiz buradadır. Ordularımızın irəliləməsi və müdafiəmiz üçün iki geniş yola ehtiyacımız var. Biri Qars-Axırkələk-Borçalıdan keçərək Qazaxa, Gəncəyə, o biri də Sərur-Nahçivan-Zəngəzurla Kür vadisinə gedir.  Siz bunun ortasında Yeni Bayazet ve Eçmiadzin ətrafında qala bilərsiniz”.
Vehib paşanın bunları söyləyərkən üç şeyi nəzərə almadığını müşahidə etdik. Birincisi, ermənilərə qalan torpaqlar erməni xalqını minimum səviyyədə razı sala bilməyəcək qədər kiçik idi, ikincisi, erməni məsələsi beynəlxalq məsələdir və ona belə yanaşma düzgün deyildi.
Üçüncüsü, Ermənistanın türklərin cızdığı indiki sərhədləri ermənilərlə türklər arasında əbədi düşmənçilik mənbəyi olacaqdı.
Vehib Paşa  dilləndirilən bu fikrə də cavab verdi. “Ermənistan torpaqları bu gün kiçikdir, çünki orada çoxlu müsəlman yaşayır, istərsiniz onları bizə verin, məkanınız genişlənsin.
 İkincisi siz deyirsiniz ki, erməni məsələsi beynəlxalq xarakter daşıyır və ümumi konfransda konsensus nəzərə alınmalıdır. Biz bunu çox gözəl bilirik, lakin bu səbəbdən həll yolunu ilk biz öz üzərimizə götürürük, Ermənistanın müstəqil mövcudluğunu qəbul edirik. Bu sizin üçün bəs deyilmi?
 Üçüncüsü , torpağın kiçikliyindən yaranan düşmənçilik hisslərinə gəlincə, deməliyəm ki, bütün dövlətlər kiçikdən başladı, get-gedə böyüməyə başladı. Əsas o idi ki, biz dost olaq, bir-birimizi qarşılıqlı anlayaq. Ermənilərin xaricdə  bizimlə bağlı müsbət təbliğatına ehtiyacımız var”.
Sonralar əmin olduq ki, Xəlil bəy və Vehib paşa bütün Qars bölgəsini, Ahirkələk vilayətini, Aleksandrapol şəhərini, Hamamlu-İrəvan yolunu, Sürmeli vilayətini, İrəvanın yarısını, Karakilise-Uluhanlı dəmir yolunu saxlamağı amansızcasına müdafiə etdilər.
Biz onlardan sərhədlərin demarkasiyası ilə bağlı bütün əsaslandırmalarını   İstanbula teleqrafla göndərmələrini xahiş etdik.
İyunun 2-də cavab aldıq ki, türklərlə “başlanan yaxşı münasibətlər naminə” Hamamlı-İrəvan magistralını bizə buraxmağa razılaşıblar ki, sərhəd Ələyəz dağının ətəyi ilə keçsin. Bu yeni sərhəd Eləyəzin zirvəsindən Cacur stansiyasına, oradan da Vağarşapata qədər uzanırdı və biz buradan 1000 kvadrat kilometr məsafə qazandıq. Türklər bundan artıq güzəştə getmədilər.
Danışıqlarımızın siyasi tərəfinə gəlincə, Vehib paşa bizi inandırırdı ki, türklərlə hərbi ittifaq bağlayıb, onlara 10 min əsgər versələr , birlikdə Bağdada doğru yürüş edərik. Bu təklifin müəllifi Ənvər Paşa idi. Biz bu təklifi heç bir şəkildə qəbul edə bilmədik, xalqımızın hədsiz yorğunluğunu irəli sürdük, rədd etdik. Vehib Paşa  məyusluğunu ifadə etdi , belə bir ittifaqın ermənilərlə türklər arasında bir çox anlaşılmazlıqları aradan qaldıra biləcəyini dedi.
Mənbə: Moderator.az

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.