1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri Malıbəyli və Quşçularda kütləvi qırğın törədib

Ermənistan-Azərbaycan münaqişəsi 20-ci əsrin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib.

1980-ci illərin sonundan başlayaraq Ermənistanın tarixi Azərbaycan torpaqlarına açıq ərazi iddiaları və etnik zəmində təxribatları, terror aktları ilə başlayan bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzə səbəb oldu.

Sovet İttifaqının rəhbərliyində, Ermənistan SSR rəhbərliyində və xaricdəki erməni diasporunda təmsil olunan ermənilər SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək 1980-ci illərin sonlarında, 1923-cü ildə Azərbaycan SSR-in tərkibində yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətin (DQMV) Ermənistan SSR-ə birləşdirilməsi istiqamətində məqsədyönlü hərəkətlərə keçdilər

Erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində minlərlə soydaşımız qətlə yetirilib, yüz minlərlə insan öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb. XX əsrin 90-cı illərində Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətlərdən biri də Malıbəyli və Quşçular kəndlərində baş vermiş qətliamdır.

1992-ci il fevral ayının 11-də  Qarabağ müharibəsinin qızğın vaxtında Ermənistanın qanunsuz silahlı dəstələri Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxara Quşçular kəndlərinə basqın edərək xeyli sayda dinc etnik azərbaycanlını qətliam etdilər. Qarabağ müharibəsinin qızğın vaxtında baş verən bu qətliam zamanı erməni faşist silahlı quldur dəstələrinin basqını nəticəsində Malıbəyli, Aşağı Quşçular və Yuxara Quşçular kəndlərində xeyli sayda dinc etnik azərbaycanlı məhv edildi.

Şuşa rayonunun azərbaycan türklərinin yaşadığı Malıbəyli və Quşçular kəndləri dağlıq ərazidə, rayonun inzibati mərkəzi – Şuşa şəhəri yaxınlığındakı yaylada yerləşirdi. Kəndlərdə 4 minə yaxın insan yaşayırdı. 1988-ci ildə Ermənistandan qovulan 1500-ə yaxın məcburi köçkün bu kəndlərdə, eləcə də Xocalıda yerləşdirilmişdir. Qarabağ müharibəsinin başlaması ilə bu kəndlər Ermənistan silahlı qüvvələrinin əsas hədəfinə çevrildi.

Qarabağ müharibəsi başlayandan daim erməni silahlılarının hücumlarına məruz qalan Malıbəyli və Quşçular kəndlərinin əhalisi mühasirə şəraitində düşmənə layiqli cavab verirdi.

Hər tərəfdən erməni kəndləri ilə sıx əhatə olunan bu kəndlərdə vertolyot yeganə rabitə vasitəsi idi. 1991-ci il yanvarın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdamdan Şuşaya uçan helikopteri vurduqdan sonra Malıbəyli və Quşçular kəndlərinin ətraf ərazilərlə əlaqəsi tamamilə kəsildi.

Bir neçə günlük blokada və hücumlardan sonra, fevralın 9-dan etibarən erməni faşist silahlı birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasından istifadə edərək Malıbəyli və Quşçular kəndlərinə qarşı genişmiqyaslı hücuma keçdi. Bu hücumda erməni faşistləri yanaşı rus əsgərləri də iştirak edirdi.

1992-ci il fevralın 11-də 3 günlük qeyri-bərabər döyüşdən sonra hər iki kənd işğal edildi. Kəndlər yandırıldı, evlər, məktəblər, uşaq bağçaları, xəstəxanalar, inzibati binalar, mədəniyyət abidələri, kənd təsərrüfatı obyektləri dağıdıldı.

İşğal nəticəsində 50-yə qədər insan öldürüldü xeyli sayda dinc sakin əsir götürüldü, yüzlərlə insan yaralandı.

Malıbəyli və Quşçular kəndlərinin işğalından sonra erməni terrorçularının Xocalıya yolu açıldı. Malıbəyli və Quşçulardan sonra fevralın 17-də erməni silahlı birləşmələri Qaradağlıda, fevralın 26-da isə Xocalıda soyqırım törətdilər.

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsindən sonra Malıbəyli və Quşçular kəndləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindədir.

Vahidov Qurban. Araşdırmaçı – analitik

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.